Corc Oruel: "Heyvanıstan"


İngilis yazıçısı Corc Oruellin adı azsaylı Azərbaycan intellektuallarına daha çox "1984" romanından tanışdır. Lakin Oruell "1984"-dən o qədər də az populyar olmayan başqa bir satirik antiutopiyanın - "Animal farm" - "Heyvanıstan"(roman rus dilinə "Skotskiy xutor", "Skotnıy dvor", "Ferma "Enimal" və s., türk dilinə "Heyvanat ciftliyi", fars dilinə "Qəleyi-heyvanat" şəklində tərcümə edilib. Azərbaycan dilinə tərcümə zamanı əsərin satirik-qrotesk ruhuna uyğun gələn "Heyvanıstan" adı üzə¬rində dayanmaq daha məqsədəuyğun sayılmışdır-V.Q.) romanının müəllifidir.
Bu əsəri müəyyən mənada həm də yazıçının avtokratiya və totalitar sistemin ümumiləşdirilmiş obrazını yaradan çoxlaylı və monumental "1984" romanı üçün hazırlıq mərhələsi hesab etmək mümkündür. Həcmcə o qədər də böyük olmayan "Animal farm" romanı ilə Oruell bütünlükdə totalitar siyasi təfəkkürün, daha konkret mənada isə, keçmiş Sovet İttifaqının tarixini və əsas mövcudluq prinsiplərini bədii cəhətdən uğurla modelləşdirə bilmişdi.
Əvvəlcə bir neçə kəlmə məşhur romanlar müəllifinin həyat yolu haqqında.
Bütün dünyanın Corc Oruell kimi tanıdığı ingilis yazıçısının əsl adı Erix Artur Bleyer idi. O, 1903-cü ildə Hindistanın Benqal əyalətində, sonralar "aşağı səviyyəli orta təbəqə" kimi təqdim etdiyi qarışıq ingilis-hind ailəsində doğulmuşdu. Ailənin başçısı Riçard Bleyer Hindistan mülki xidmətində çalışırdı. Erix Artur bir yaşında ikən anası ilə birlikdə İngiltərəyə köçmüş, uşaqlıq və ilk gənclik illərini burada keçirmişdi...
Category:

0 Şərh:

Yorum Gönder